Azərbaycanın turizm sənayesinin iş adamlarını və hökumət sektorununun nümayəndəlirini bir araya gətirən illik ən böyük milli tədbiri.
“Azərbaycan Turizm Sammiti 2019” (ATS 2019) Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən turizm sənayesində son tendensiyaları, o cümlədən Azərbaycan daxili və Azərbaycana səfərlərin marketinq və təbliğatı məsələlərini müzakirə etmək məqsədilə tərəfdaşlar üçün yaradılmış korporativ platformadır.
Sammit dövlət və özəl sektorun Azərbaycanın turizm istiqaməti kimi inkişafında iştirakını təşviq etmək üçün inklüziv, interaktiv və nəticələrə yönəlmiş imkanlar təqdim edir.
Bu il ATS 2019-da milli turizm sənayesinin bütün sahələrini təmsil edən iş adamları və hökumət sektorununun nümayəndələri bir araya gələcək. Tədbir zamanı milli turizm sənayesinin aparıcı iştirakçıları yerli, həmçinin ölkəyə gələn xarici turistlərin səfərlərinin təkmilləşdirilməsi, bu sahədə yeniliklər və qarşıda duran maneələri müzakirə etməklə yanaşı, marketinq və təbliğat fəaliyyəti ilə bağlı həll yolları irəli sürəcəklər.
ATS 2019-un əsas məqsədlərindən biri sənayenin ən son tendensiyaları ətrafında fikir mübadiləsini stimullaşdırmaq, Azərbaycanda turizm sahəsi üzrə sahibkarlıq fəaliyyətinin və innovasiyaların tətbiqi ilə bağlı müzakirələrə təkan verməkdir.
ATS 2019 turizm sənayesinin nümayəndələri, turizm assosiasiyaları, tələbələr və digər turizm peşakarları üçün açıq bir tədbirdir.